Abdullah bin Fəhd Əl-Hüseyn: Dünya Xəbər Agentlikləri Konqresinin Bakıda yüksək səviyyədə keçiriləcəyinə əminik

Tuesday, March 3, 2015 - 17:45

Bakı, 3 mart, AZƏRTAC

Əminik ki, Dünya Xəbər Agentliklərinin V Konqresi Bakıda yüksək səviyyədə keçiriləcək.

Bu fikirləri AZƏRTAC-ın baş direktoru Aslan Aslanovla görüşdə Dünya Xəbər Agentlikləri Konqresinin sədri, Səudiyyə Xəbər Agentliyinin (SPA) prezidenti Abdullah bin Fəhd Əl-Hüseyn bildirib.

O, qeyd edib ki, 2013-cü ildə IV Konqresə ev sahibliyi etmiş SPA agentliyi topladığı təcrübəni bölüşməyə və AZƏRTAC-a daim lazımi dəstək verməyə hazırdır. “Dünya Xəbər Agentlikləri Konqresi Şurasının dünən keçirilən iclası və yubiley tədbirinin təşkili göstərdi ki, AZƏRTAC V Konqresi yüksək səviyyədə keçirəcək. Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovla görüşdən çox məmnun olduq”, - deyə Abdullah bin Fəhd Əl-Hüseyn vurğulayıb.

SPA-nın prezidenti onu da əlavə edib ki, hər iki agentlik informasiya və foto mübadiləsini daha da artırmaq imkanlarına malikdir. Bu, Azərbaycan haqqında xəbərlərin Yaxın Şərqdə, Səudiyyə Ərəbistanı Krallığının ictimai-siyasi, mədəni və digər sahələri ilə bağlı məlumatların isə bu regionda yayılmasına şərait yaradacaq.

Baş direktor Aslan Aslanov qeyd edib ki, AZƏRTAC hazırda Konqresə sədrlik edən SPA agentliyi ilə əməkdaşlığın dərinləşməsinə böyük əhəmiyyət verir. İki agentlik arasında informasiya sahəsində tərəfdaşlıqla bağlı sənəd imzalanıb. Baş direktor, həmçinin Konqresə hazırlıq məsələlərində artıq koordinasiya işinin həll edildiyini və işçi qruplar arasında əlaqələrin daha da intensivləşdirməyin vacibliyini diqqətə çatdırıb.

Görüşdə iştirak edən Səudiyyə Ərəbistanı Krallığının Azərbaycandakı səfiri Musaid bin İbrahim bin Abdullah Əl-Səlim iki ölkə arasında sıx əməkdaşlığın olduğunu bildirib. Səudiyyə Krallığının Azərbaycanla bütün sahələrdə əməkdaşlıq etməyə hazır olduğunu deyən diplomat iki ölkə agentliklərinin həm ikitərəfli, həm də beynəlxalq təşkilatlar səviyyəsində tərəfdaşlıq etməsini yüksək qiymətləndirdiklərini vurğulayıb.

Görüşdə V Dünya Xəbər Agentlikləri Konqresinə dünyanın hər yerindən xəbər agentliklərinin, həmçinin CNN, BBC kimi tanınmış telekanalların, Google, Yahoo!, MSN və digər nəhəng informasiya-axtarış şirkətlərinin dəvət edilməsi məsələləri müzakirə olunub.