Salamlama nitqi

Hörmətli xanımlar və cənablar, dəyərli həmkarlar!

Dünya Xəbər Agentliklərinin 5-ci Konqresini qəbul edən Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) sizi salamlayır.

Çox xoşdur ki, fəaliyyətində beynəlxalq humanitar layihələr prioritet istiqamət təşkil edən Heydər Əliyev Fondu Konqresin keçirilməsinə hərtərəfli dəstək verir, ev sahibindən asılı olan təşkilati məsələləri öz üzərinə götürür. Əminik ki, Fond tərəfindən yaradılan şərait hamınızın ürəyincə olacaq, qonaqpərvər Azərbaycana səfərinizdən məmnun qalacaqsınız.

Yeni minillikdə bəşəriyyət daim yenilənən texnologiya çağırışları ilə üzləşir. Yeni eraya, dünyanın hər nöqtəsindən milyardlarla insanın canlı xəbər gözlədiyi, informasiyanın insan övladının gündəlik menyusunda ən vacib ehtiyaclarından birinə çevrildiyi bir dövrə daxil olmuşuq. Seçdiyimiz və həyatımızı həsr etdiyimiz peşənin tələbi isə istehlakçılara ən dəqiq və obyektiv xəbərlərin operativ şəkildə çatdırılmasını təmin etməkdir.

Yer kürəsindəki fərqli cəmiyyətlərə məxsus bütün mövcud siyasi və mədəni müxtəlifliklərə baxmayaraq, bu çağırışlar dünyanın bütün milli informasiya agentlikləri üçün ümumi səciyyə daşıyır. Noyabrda Azərbaycanın paytaxtı Bakı şəhəri “Xəbər agentlikləri üçün yeni çağırışlar” mövzusu ətrafında aktual məsələləri müzakirə etmək üçün dünyanın bütün qitələrindən xəbər agentliklərini təmsil edən ali nümayəndələri qəbul edəcək.

Əminəm ki, Moskva, Estepona, Bariloş və Ər-Riyaddan sonra dünya xəbər agentlikləri elitasının Bakıda keçiriləcək növbəti toplantısı kreativ çağırışları ilə dünya mediasına yeni töhfələr verəcək. AZƏRTAC-ın Baş direktoru kimi dəyərli həmkarlarımı peşəkar jurnalistika ustadlarının toplantısında işgüzar müzakirələrə və fikir mübadiləsinə dəvət etməkdən şərəf duyuram.

Dərin hörmət və ehtiramla,

Aslan Aslanov

AZƏRTAC-ın Baş direktoru