Heydər Əliyev Mərkəzi

Çoxları Heydər Əliyev Mərkəzinin memarlıq layihəsini ilk dəfə görəndə onun yalnız möcüzə nəticəsində gerçəkləşə biləcəyini düşünürdü. Bu qeyri-adi, mürəkkəb quruluşlu binanın inşası hətta nəzəri cəhətdən reallıqdan uzaq sayılırdı.

Mərkəzin 2007-ci ildə inşasına başlanılmış binası 2012-ci il mayın 10-da, ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümündə istifadəyə verilib. Dünya memarlığının incilərindən sayılan Heydər Əliyev Mərkəzinin binası  müasir Bakının rəmzlərindən biri hesab olunur. Binanın layihəsinin müəllifi dünya şöhrətli memar, Pritzker memarlıq mükafatının sahibi Zaha Hadiddir. O, dünyanın bir sıra tikinti komplekslərinin arxitektur  müəllifi kimi tanınır.
    
Mərkəzin binasının layihəsində düz xətlərdən istifadə olunmayıb.
Binanın quruluşu - yerdən dalğavari şəkildə səmaya doğru yüksəlməsi, sonra isə süzülərək yenidən yerə qovuşması təkcə memarlığın postmodern tərzini deyil, eyni zamanda davamlılığı, sonsuzluğu təcəssüm etdirir.
Binanın üzərindəki xətlər həm də keçmişlə gələcəyin bir-birinə bağlılığını yaradır.
Mərkəzin binasının daxili və xarici dizaynı arasında həmahənglik və qarşılıqlı əlaqə bu məkanı daxilən də hamıya yaxınlaşdırır. Çünki Mərkəz yaşından, irqindən, dinindən, cinsindən asılı olmayaraq hər kəsi öz ideyaları ətrafında birləşdirməyi qarşıya məqsəd qoyub.

Binanın inşası zamanı ümumi uzunluğu 90 km təşkil edən dəmir konstruksiyalardan şəbəkə qurulmuşdur. Sahəsi 40 000 m² olan dam örtüyündə hər biri fərqli ölçüdə və müxtəlif həndəsi fiqur- üçbucaq, düzbucaq, trapesiya, paraleloqram şəklində xüsusi tərkibli 12 027 ədəd paneldən istifadə olunmuşdur.
 

Ümumi ərazi 15,93 ha

Tikinti sahəsi 101.801m 2

Park(landşaft ərazi) 13.58 ha

Binanın zirvəsi-74.1 metr

Kompleksə əsas bina, yeraltı parkinq və park ərazisi daxildir.

Ərazidə 2 dekorativ hovuz və süni göl var.

Binanın ağ rəngdə olması aydın gələcəyi simvolizə etməklə yanaşı, həm də buradakı xüsusi elementləri nəzərə çarpdırmaq məqsədi daşıyır. Ağ rəng sayəsində işıq şüaları binanın səthi üzərində hərəkət edərək layihənin seçilən hissələrini vurğulayır.

Əsas bina 3 bölmədən ibarətdir:

1. Heydər Əliyev Muzeyi bölməsi

2. Sərgi zalları  bölməsi.  9 mərtəbəli olan bu bölmədə sərgi salonları, inzibati ofis və kafe yerləşir.

3. Audiorium bölməsi. 4 mərtəbədən ibarət olan bu bölmədə Auditorium, 2 konfrans zalı (çoxməqsədli zal), görüş və toplantı otaqları, Media mərkəzi yerləşir.

Azərbaycan keçmişinə bağlı, gələcəyə inamla addımlayan müasir və qüdrətli ölkədir. 
Azərbaycan dəyərlərə sahib olan ölkədir. Milli-mənəvi sərvətə, tariximizə, adət-ənənələrimizə, insan faktoruna, vətəndaşa dəyər dövlətin əsas prioritetidir.

Müasir Azərbaycan dünyada ümummilli lider Heydər Əliyevlə tanındı. Və bu gün Heydər Əliyevin adını daşıyan Mərkəz  müasir Azərbaycanın, müasir Bakının rəmzinə çevrilib. Heydər Əliyev Mərkəzinin binası bugünkü Azərbaycanın dinamik inkişafını, keçmişdən gələcəyə bağlılığını təcəssüm etdirir.

Heydər Əliyev Mərkəzinin loqosu da məhz bu ideyadan yaranıb. Mərkəzin loqosu Azərbaycanın keçmişdən gələcəyə doğru baxışlarını, Azərbaycandakı tərəqqini, ölkənin sabahını simvolizə edir.  

Mərkəzin loqosunun rəngi - gümüşü rəng özündə bütün maneələri aşmağı, hədəfə doğru addımlamağı ehtiva edir. Gümüşü rəng liderlik, mübarizlik, dinamiklik, müdriklik, şəffaflıq, inkişaf və innovasiya rəmzidir.

Loqonun xətləri Heydər Əliyev Mərkəzinin binasının anlamı ilə həmahənglik yaradaraq Azərbaycanın dinamik inkişafını, beynəlxalq aləmdəki birincilik uğrunda hədəflərini, Vətənə, xalqa bağlılığı yaşatmaq kimi dəyərlərlə gələcəyə irəliləyişi təcəssüm etdirir.

Heydər Əliyev Mərkəzinin loqosu qurumun üzərinə düşən vəzifələri rəmzi olaraq təsvir etməklə yanaşı, milli və bəşəri dəyərlərin, dövlətçilik ənənələrinin gələcək nəsillərə ötürülməsi şüarını tərənnüm edir.  

Mərkəzin “Gələcəyə dəyərlərlə!” şüarı da bu ideyadan yaranıb.

Əlavə məlumat üçün: http://heydaraliyevcenter.az/