Mixail Qusman: Bakı beynəlxalq əməkdaşlığın əsas mərkəzlərindən birinə çevrilib

Wednesday, November 16, 2016 - 19:45

Bakı, 16 noyabr, Elvin Camalov, AZƏRTAC

Azərbaycan artıq neçə illərdir ki, mühüm beynəlxalq tədbirlərə uğurla ev sahibliyi edir. Dünya humanitar forumu, sivilizasiyalararası dialoq forumu, müxtəlif idman yarışları və digər qlobal əhəmiyyətli tədbirlər Bakını beynəlxalq əməkdaşlığın əsas mərkəzlərindən birinə çevrilib.

AZƏRTAC xəbər verir ki, bu sözləri noyabrın 16-da Bakıda işə başlayan Dünya Xəbər Agentliklərinin V Konqresinin iştirakçısı, Rusiyanın TASS İnformasiya Agentliyinin Baş direktorunun birinci müavini, görkəmli jurnalist və publisist Mixail Qusman deyib.

O bildirib ki, bu gün dünyanın 80-dən çox ölkəsindən aparıcı informasiya agentliklərinin təmsilçiləri Azərbaycan paytaxtına toplaşıblar və medianın inkişafı üçün birgə səylər göstərilir. Konqresin uğurla başa çatacağına əminliyini ifadə edən M.Qusman deyib ki, burada aparılan müzakirələr, qəbul olunan qərarlar, qarşıya qoyulan hədəflər dünya mediası üçün olduqca əhəmiyyətlidir.