Bəhreyn Xəbər Agentliyi Azərbaycan mediasının təcrübəsinə maraq göstərir

Monday, November 21, 2016 - 13:15

Bakı, 18 noyabr, AZƏRTAC 

Bakı Konqresinə beş qitədən 130-dan çox aparıcı xəbər agentliyi təmsil edən 200-dək nümayəndənin qatılması tədbirin yüksək səviyyədə təşkilindən xəbər verir və olduqca təqdirəlayiqdir. Konqres həm də media qurumları arasında əməkdaşlığın qurulması üçün yaxşı fürsət oldu. Buna görə təşkilatçılara minnətdarlığımı bildirirəm. Sessiyalarda müasir jurnalistika ilə bağlı çox əhəmiyyətli və maraqlı mövzular müzakirə edildi.

Bu fikirləri Bəhreyn Xəbər Agentliyinin (BNA) baş direktoru Muhannad Sulaiman Mohsen AZƏRTAC-a müsahibəsində söyləyib.

O deyib: “Dünya Xəbər Agentlikləri Konqresinə sədrliyin AZƏRTAC-a keçməsi bu agentliyin böyük uğurudur. Biz Bakıda AZƏRTAC ilə Anlaşma Memorandumu imzaladıq. Bu, agentliklərimiz arasında informasiya mübadiləsinin genişləndirilməsinə və əlaqələrimizin inkişafına yol açacaq. Biz Azərbaycan mediasının qabaqcıl təcrübəsindən istifadə etmək niyyətindəyik”.