Dünya Xəbər Agentlikləri Konqresi Şurasının Sofiyada keçirilən növbəti iclasında 6-cı Konqresə hazırlıq məsələləri müzakirə olunub

Tuesday, October 31, 2017 - 17:15

Sofiya, 30 oktyabr, AZƏRTAC

Oktyabrın 30-da Bolqarıstanın BTA agentliyinin təşkilatçılığı ilə Sofiyada Dünya Xəbər Agentlikləri Konqresi Şurasının növbəti iclası olub. İclasda 2019-cu ildə Sofiya şəhərində keçiriləcək Dünya Xəbər Agentliklərinin 6-cı Konqresinə hazırlıq məsələləri müzakirə olunub, təşkilati işlərə baxılıb.

İclasda Şuranın üzvü olan AZƏRTAC, Böyük Britaniyanın Press Association, ABŞ-ın Associated Press, Rusiyanın TASS, İspaniyanın EFE, Bolqarıstanın BTA agentliklərinin rəhbərləri və nümayəndələri, həmçinin Ərəb Xəbər Agentlikləri Federasiyasının (FANA) və Avropa Xəbər Agentlikləri Alyansının (EANA) baş katibləri iştirak ediblər.

AZƏRTAC-ın baş direktoru, Dünya Xəbər Agentlikləri Konqresinin prezidenti Aslan Aslanov iclasda məruzə edərək təşkilatın təkmilləşdirilməsinin, onun nizamnaməsində dəyişikliklər olunmasının, BMT və YUNESKO-da qeydiyyatdan keçirilməsinin vacibliyini vurğulayıb. Qeyd edilib ki, təşkilat üzv agentliklər arasında əlaqələrin daha da möhkəmlənməsi istiqamətində fəaliyyətini gücləndirməlidir. Eyni zamanda, Dünya Xəbər Agentliklərinin ötən ilin noyabrında Heydər Əliyev Fondu və AZƏRTAC-ın birgə təşkilatçılığı ilə Bakıda keçirilən 5-ci Konqresinin yaxşı təcrübə platformasına çevrildiyi diqqətə çatdırılıb.

İclasda Şuranın sədri Klayv Marşal, Konqresin baş katibi Maksim Minçev, FANA-nın baş katibi Fərid Əyyar və başqaları təşkilatın fəaliyyəti ilə əlaqədar görülən işlər barədə məlumat verib, 6-cı Konqreslə bağlı fikirlərini bölüşüblər.

Şura üzvləri TASS-ın təklifi ilə növbəti iclasın 2018-ci ildə Sankt-Peterburqda Beynəlxalq İqtisadi Forum çərçivəsində keçirilməsini qərara alıblar.

Xatırladaq ki, Dünya Xəbər Agentliklərinin 5-ci Konqresi 2016-cı il noyabrın 16-17-də Bakıda keçirilib. Hazırda AZƏRTAC Dünya Xəbər Agentlikləri Konqresinin sədridir. 2019-cu ildə sədrlik AZƏRTAC-dan Bolqarıstanın BTA agentliyinə keçəcək.