Yeni İliniz mübarək

Hörmətli Dünya Xəbər Agentlikləri Konqresinə üzv agentliklərin rəhbərləri və nümayəndələri,

Daha bir ilimiz tarixə çevrilir. Dünya Xəbər Agentlikləri Konqresinin üzv agentliklərində çalışan bütün həmkarlarımızı qarşıdan gələn Yeni il münasibətilə təbrik edir, ən səmimi arzularımızı çatdırmaqdan şərəf hissi duyuram. 2017-ci ilin bu son günlərində sizin hamınıza ötən il ərzində təşkilatın fəaliyyətinə göstərdiyiniz davamlı dəstəyə görə öz dərin minnətdarlığımı bildirirəm.

Dünya Xəbər Agentlikləri Konqresi və Asiya və Sakit Okean Ölkələri Xəbər Agentlikləri Təşkilatının prezidenti, həmçinin bir peşəkar jurnalist kimi həmişə inanmışam ki, daima əməkdaşlıq etmək, dəqiq, obyektiv və qərəzsiz informasiya əldə etmək istəyi media sənayesində tərəqqiyə nail olmaq üçün böyük əhəmiyyət kəsb edir.

Sona çatmaqda olan 2017-cu ildə baş verən hadisələr də bunu göstərir ki, sürətlə inkişaf edən bugünkü dünyada doğru və qərəzsiz informasiyalar şəffaflıq, inam və insanlar arasında qarşılıqlı anlaşma yaratdığı halda; yanlış xəbərlər cəmiyyətlər arasında çaşqınlıq və qütbləşməyə səbəb olur. Məhz bu səbəbdən bu gün əməkdaşlıq etmək, operativ və etibarlı informasiya mübadiləsi aparmaq son dərəcə vacibdir və mən, həqiqətən də, bizim təşkilatımızın bu prosesi daha da sürətləndirmək baxımından güclü bir platforma olmasına inanıram.

Sizin kimi mən də peşəkar fəaliyyətimdə hər zaman sürətlə dəyişən media sənayesinin problemlərini birgə həllinə kömək edəcək hər bir innovativ ideyanı alqışlamışam.

2017-ci ilin sonuna yaxınlaşdığımız bir ərəfədə hamınızı peşəmizlə bağlı əldə etdiyiniz bir çox nailiyyətlər, həmçinin verdiyiniz layiqli töhfələr münasibətilə təbrik edirəm. Qarşıdan gələn 2018-ci ildə sizə işlərinizdə bol müvəfəqiyyət arzulayır və inanıram ki, bundan sonra da əvvəlki nailiyyətlərinizə söykənərək yeni yüksəkliklər fəth edəcəksiniz.

Təşkilatımız sıralarına ən yaxşı istedadları cəlb etmək, irəliləyişlərə nail olmaq və bütün bəşəriyyətin tərəqqisi naminə yeni ideyalar irəli sürmək amalına sadiq qalaraq yeni ildə əməkdaşlığımızı daha da möhkəmləndirmək niyyətindədir və 2018-ci ilin sizin üçün daha parlaq, xoşbəxt və uğurlu olmasını arzulayır.

Hörmətlə,
Aslan Aslanov
Dünya Xəbər Agentlikləri Konqresinin prezidenti