Tarix

Dünya Xəbər Agentlikləri Konqresi

Dünya Xəbər Agentlikləri Konqresi 100-dən artıq agentliyi birləşdirən beynəlxalq informasiya qurumudur. Konqres üç ildən bir keçirilir. Toplantıda yeni sədr vəzifələrinin icrasına başlayır və səsvermə yolu ilə sonrakı müddətə yeni sədr seçilir.

Dünya Xəbər Agentliklərinin Konqresi 2004-cü il sentyabrın 24-25-də Rusiyanın TASS agentliyinin təşəbbüsü ilə keçirilib. Həmin vaxt agentlik yaranmasının 100 illiyini qeyd edib.

Dünya Xəbər Agentliklərinin II Konqresi İspaniyanın EFE agentliyi tərəfindən Estepona şəhərində təşkil edilib. 2007-ci il 24-28 oktyabrda dünyanın hər yerindən informasiya agentlikləri bir yerə toplaşaraq internet media, plagiatlığa qarşı mübarizə, texnoloji dəyişikliklər, jurnalistlərin təhlükəsizliyi məsələlərini müzakirə ediblər.

2010-cu il oktyabrın 19-24-də Argentinanın TELAM agentliyi Dünya Xəbər Agentliklərinin III Konqresinə ev sahibliyi edib. Tədbirə toplaşan xəbər nümayəndələr 4 sessiya çərçivəsində agentliklərin inkişaf meylləri ətrafında fikir mübadiləsi aparıblar.

Dünya Xəbər Agentliklərinin IV Konqresi 2013-cü il noyabrın 17-21-də Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində keçirilib. Tədbirə ev sahibliyi Saudi Press (SPA) agentliyi tərəfindən həyata keçirilib. Konqresin 5 plenar sessiyası çərçivəsində yeni media məhsulları və xidmətləri, sosial media və yeni rəqəmli platformalar və digər mövzular müzakirəyə çıxarılıb.

2013-cü ildə Ər-Riyadda keçirilən IV Konqresdə Şura üzvləri AZƏRTAC-ın namizədliyini dəstəkləyərək növbəti müddətə (2016-2019) onu V Konqresə sədr seçiblər.

Konqresin məqsədi agentliklər arasında informasiya mübadiləsinə kömək etmək, sürətlə inkişaf edən informasiya texnologiyaları dövründə təcrübə mübadiləsi aparmaq, sosial media, alternativ biznes modellərinin inkişaf etdirilməsi yollarını nəzərdən keçirməkdir.

Konqresin əsas orqanı Dünya Xəbər Agentlikləri Şurasıdır (Büro). Şura növbəti Konqresi qəbul edəcək tərəflə birlikdə proqramı və təşkilati məsələləri həll edir.

Şuranın V Konqresinə 5 hazırlıq iclası keçirilib. Onlardan üçü 2014-cü il iyunun 2-də, 2015-ci il martın 2-də və 2016-cı il mayın 23-də Bakıda keçirilib. Digər iki iclas Londonda baş tutub.