Nizamnamə

Dünya Xəbər Agentliklərinin Konqresinin (NAWC) nizamnaməsi

Preambula

Ənənəvi olaraq informasiya agentlikləri bütün mətbuatı, xüsusilə qəzetləri, radio və televiziyanı faktlar və xəbərlərlə təmin edən əsas vasitəçilər olublar. Yeni media platformalarının sürətli inkişafı və dünyanın istənilən yerindən informasiyaların sürətli ötürülməsi sayəsində insanların etibarlı xəbərlə təmin edilməsi olduqca vacibdir. Bir çox aspektlərdən yanaşdıqda internet mükəmməl informasiya vasitəsidir, amma eyni zamanda internet həm də bitərəf və etibarlı xəbər istehsalı üçün böyük təhlükədir. Belə ki, internet hətta Avropa və Asiyada mətbuat orqanlarının sayını azaldıb. Bu mətbuat orqanları özlərinə oxucu cəlb edə bilmədiyindən bu sahədə heç bir gəlir əldə edə bilmirlər. İnsanlara faydalı, etibarlı xəbər çatdırmaq təkcə iş deyil, həm də sivil və demokratik cəmiyyətin ayrılmaz elementidir. OANA, FANA, EANA və s. kimi regional xəbər agentlikləri üzv agentliklər üçün mühüm rol oynayırlar, lakin informasiya sərhəd tanımadığından Dünya Xəbər Agentliklərinin Konqresi (NAWC) çərçivəsində bu təşkilatlar arasındakı əməkdaşlıq daha vacibdir. Əgər etibarlı xəbər mənbələri yox olarsa, bu zaman şayiələr və etinasızlıq yaranacaqdır. Xəbər agentliklərinin vəzifəsi bunun qarşısını almaqdır. Agentliklərin bu vəzifəni yerinə yetirməsi üçün NAWC təcrübələrin, fikirlərin və professional bilik mübadiləsi forumudur.

  1. Xəbər agentliyinin tərifi

    Xəbər agentliyi özünün original informasiyasını istehsal edən və digər mətbuat orqanları və abunəçilərlə müqavilələri olan və bazarla ayaqlaşan təşkilatdır. Milli və beynəlxalq xarakterə malik ola bilən xəbər agentliyinin məhsulları arasında bağlanmış müqavilələrə uyğun olaraq, digər xəbər agentliyinin məhsulları da ola bilər.
     

  2. Dünya Xəbər Agentlikəri Konqresinin (NAWC)  məqsədləri

    NAWC dünyanın müxtəlif yerlərindən olan xəbər agentliklərinin beynəlxalq konqresidir. NAWC sürətlə inkişaf edən qlobal media bazarında üzv agentliklərin rolunu təkmilləşdirmək və möhkəmləndirmək məqsədilə 2004-cü ildə Moskvada yaradılmışdır. NAWC-ın məqsədi tərəfsiz xəbər çatdırılmasını təmin etmək, mətbuat azadlığı prinsipini dəstəkləmək və xəbər anlayışına töhfə verməkdən ibarətdir. NAWC xəbər agentliklərini və onların inkişafını dəstəkləmək, media biznesində ən müasir və ən mühüm inkişaf biliklərini bölüşmək uğrunda çalışır. NAWC rəqəmsallaşma, sosial media və alternativ biznes modellərini inkişafı ilə ayaqlaşmağa səy göstərir. NAWC-ın işi piratçılıqdan və xəbər agentliyinin məhsullarını istismardan qorumaqdır. NAWC siyasi təşkilat deyil və xəbər agentlikləri arasındakı fərqi tanıyır. Bitərəf xəbər agentlikləri etibarlı, dünya miqyaslı xəbərin əsasını təşkil edir  və beləliklə,  dünyada baş verən əhəmiyyətli hadisələri anlamaq üçün ilkin şərtdir. NAWC təhlükəli ərazilərdə işləyən jurnalistlərin təhlükəsizliyinin və xəbər agentliklərinin ictimaiyyət üçün maraqlı olan (siyasi, kriminal, hüquqi, idman, əyləncə və s.) hadisələrə sərbəst çıxışının təminatına çalışır.
     

  3. Şuranın və Konqresin tərkibi

    NAWC ən azı üç ildən bir keçirilir. Dünya Xəbər Agentlikləri Şurası (NACO) konqresə ev sahibliyi edən agentliklə birgə növbəti konqresin strukturu və proqramı üçün məsuliyyət daşıyır. Konqreslər arası müddətdə NACO-nun ən azı iki iclası keçirilir. NACO aşağıdakı üzvlərdən ibarətdir və bu prinsiplər üzərində qurulur:

    A) Hazırkı prezident, iki keçmiş prezident, növbəti konqresin təşkilat komitəsinin Baş katibi və sədri;

    B) Bütün xəbər agentlikləri Şurada üzv olduqları regional təşkilatlarla, hazırda FANA, EANA, OANA, LANA və MDB Xəbər Agentlikləri Alyansı vasitəsilə təmsil olunurlar. Bir agentliyin eyni vaxtda iki təşkilata üzv olması qəbuledilməzdir. AP və Thomson Reuters kimi dünya agentlikləri heç bir regional təşkilata üzv olmadan Şurada təmsil oluna bilərlər. Yuxarıda adı çəkilən regional təşkilatlara üzv olmayan agentliklər Baş katib və ya Prezident tərəfindən Şuraya dəvət oluna və ya birbaşa Baş katib tərəfindən təmsil oluna bilərlər.

    C) NACO Şuranın işini dəstəkləyən istənilən şəxsi Şuraya seçməkdə sərbəstdir.

    D) Növbəti Konqresin ev sahibi müəyyən şəxsləri Şuralar arası işçi qruplarına üzv olmağa dəvət edə bilər. Ötən konqresə ev sahibliyi edən agentlik və Şura növbəti konqresin işini dəstəkləmək üçün əllərindən gələni əsirgəməyəcəklər.

    E) Ötən konqresin bitməsindən növbəti konqresin bitməsinədək olan müddətdə NAWC-ın prezidentliyi ötən konqresə ev sahibliyi edən agentlik tərəfindən həyata keçirilir.

    F) NAWC-a ev sahibliyi edən agentlik rəsmi ziyafət, otel və yerli nəqliyyat xərclərini ödəyir. İştirakçılar isə uçuş xərcləri də daxil olmaqla digər xərcləri ödəyirlər. NACO prezidentə kömək məqsədilə baş katib vəzifəsini  yarada bilər. Baş katib vəzifəsi ödənişsizdir, lakin Baş katibin iclaslar və hazırlıqla bağlı bütün xərcləri (uçuş, otel, yemək, taksi və razılaşdırılmış digər xərclər) NACO-ya prezidentlik edən agentlik tərəfindən ödənilir.