Dünya Xəbər Agentlikləri Konqresi Şurasının Bakı iclasının iştirakçıları ilə Xarici İşlər Nazirliyində keçirilən görüşdə Azərbaycanın uğurlarından və Ermənistanın təcavüzkar siyasətindən danışılmışdır

Thursday, February 6, 2014 - 16:45

Bakı, 2 iyun (AZƏRTAC). İyunun 2-də Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov Dünya Xəbər Agentlikləri Konqresi Şurasının Bakı iclasının iştirakçıları ilə görüşmüşdür.

AZƏRTAC xəbər verir ki, nazir Elmar Məmmədyarov müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın siyasi, iqtisadi və sosial sahələrdə qazandığı nailiyyətlər haqqında qonaqlara ətraflı məlumat vermişdir.

Nazir uğurlu siyasi-iqtisadi islahatlar nəticəsində Azərbaycanda son on ildə ümum daxili məhsulun 3 dəfə artdığını, yoxsulluğun 49 faizdən 5 faizdən də aşağı düşdüyünü, ölkədə əlverişli biznes və sərmayə mühitinin yaradıldığını qeyd etmişdir.

Azərbaycanın uğurlu enerji siyasəti haqqında danışan nazir Elmar Məmmədyarov Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum neft-qaz kəmərlərinin əhəmiyyətinə toxunmuş və yeni inşa ediləcək Trans-Anadolu və Trans-Adriatik qaz kəmərlərinin Avropanın enerji təhlükəsizliyinə töhfə verəcəyini diqqətə çatdırmışdır.

Neft-qaz sektoru ilə bərabər Azərbaycanda qeyri-neft sektorunun inkişafı haqqında ətraflı danışan Elmar Məmmədyarov Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin regionun nəqliyyat imkanlarının artırılmasında mühüm rol oynayacağını vurğulamışdır.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və onun doğurduğu acı fəsadlar barədə məlumat verən nazir Azərbaycan ərazilərinin 20 faizinin işğal edildiyini və həmin ərazilərdə Ermənistan tərəfindən azərbaycanlılara qarşı qanlı etnik təmizləmə siyasətinin həyata keçirildiyini bildirmişdir.

BMT Təhlükəsizlik Şurasının işğal olunmuş Azərbaycan ərazilərindən Ermənistan qoşunlarının dərhal və qeyd-şərtsiz çıxarılması barədə qəbul etdiyi dörd qətnaməyə toxunan nazir Elmar Məmmədyarov Ermənistanın bu qətnamələrə əməl etmədiyini, beynəlxalq ictimaiyyətin çağırışlarına məhəl qoymadığını, beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozmaqda davam etdiyini demişdir.

Elmar Məmmədyarov münaqişənin həll edilməsi üçün ilk növbədə Ermənistan qoşunlarının Azərbaycan ərazilərindən çıxarılmalı olduğunu vurğulamışdır.

Görüşdə nazir Elmar Məmmədyarov Dünya Xəbər Agentlikləri Konqresi Şurasının Bakı iclasının iştirakçılarının suallarını cavablandırmışdır.